Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

İmtahanların obyektivliyi və şəffaflığı təmin edilib

2021-06-08

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi vəzifələrinin icrasını, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarəti, yeni müsabqələrin keçirilməsini may ayında da davam etdirib.

Mayın 7-də ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilib. Müsabiqəni uğurla başa vurmuş və ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 71 nəfər andiçmədə iştirak edib.

Mayın 19-da Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində 100-dən artıq sonuncu kurs tələbəsinin iştirakı ilə “Karyera günü” keçirilib. Tədbirdə slayd vasitəsilə “Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət orqanlarına və digər müəssisələrə işə qəbulu qaydaları” haqqında tələbə-gənclərə ətraflı məlumat verilib. Dövlət qulluğuna, dövlət qulluğunun xüsusi növlərinə, eləcə də dövlət müəssisə və təşkilatlarına işə qəbul, Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan prosesinin təşkili və keçirilməsi qaydaları, imtahanların məzmunu, sual sayları və keçid balları ilə tanışlıq tələbə-gənclərin marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda tələbələrə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti, imtahanların keçirilməsi qaydaları və digər məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

3-4 may tarixlərində AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsi keçirilib. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 5 namizəddən 4-ü imtahanda iştirak edib və hər biri uğur qazanıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 2019-cu il 8 may tarixli qərarına əsasən 17-22 may tarixlərində musiqi təhsili müəssisələrində çalışan müəllimlərin təkrar attestasiyası keçirilib. Müəllimlərin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin müvafiq dərs yükü normasının optimallaşdırılmasının təmin edilməsi məqsədilə keçirilən attestasiyada 516 müəllim iştirak edib. Naxçıvan Musiqi Kolleci üzrə 27, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üzrə isə 383 müəllim olmaqla, 410 nəfər müvafiq keçid balını toplayıb. Təkrar qiymətləndirmədə iştirak etməyən və keçid balını toplaya bilməyən müəllimlər qiymətləndirmədən keçməmiş hesab olunacaq və həmin müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam veriləcək.

24-26 may tarixlərində tibb işçilərinin işə qəbulu müsabiqəsinin ikinci – klinik tapşırıq mərhələsi keçirilib, namizədlərə ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sual təqdim olunub. Yazılı şəkildə keçirilən bu mərhələnin qiymətləndirilməsi mütəxəssislər cəlb edilməklə təmin edilib. İmtahan nəticələrinə əsasən ikinci mərhələdə iştirak edən 73 namizəddən həkim vəzifələri üzrə 14 namizəddən 12-si, orta tibb işçisi vəzifələri üzrə 59 namizəddən 42-si müvafiq keçid balını toplayıb və onların siyahısı vakant vəzifələr üzrə təyinat aparılması üçün Səhiyyə Nazirliyinə göndərilib. Qeyd edək ki, Naxçıvanda tibb işçilərinin işə qəbulu ilk dəfədir ki imtahan vasitəsilə keçirilir. İmtahanın test mərhələsi 26-30 aprel tarixlərində keçirilmişdir.

Ötən ayın 27-də Ədliyyə Nazirliyində vakant vəzifələrin tutulması üçün 13 fevral 2021-ci il tarixdə elan olunmuş müsabiqənin test mərhələsi keçirilib. Müsabiqəyə yerli icra və probasiya qurumlarında 10 vakant icra məmuru vəzifəsi çıxarılıb. Müsabiqədə iştirak edən 6 namizədin hamısı keçid balını toplayaraq bu mərhələdə uğur qazanıb.

Hesabat ayında Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında 64, müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarında 23 olmaqla, ümumilikdə, 87 nəfər, müəllimlərin işə qəbulu və dövlət qulluğuna qəbul üzrə keçirilən sınaq imtahanlarında isə 114 nəfər iştirak edib.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    8
 Dünən    1329
 Bu gün    543
 Ümumi    128501

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı