Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda seminar keçirilib

2021-06-03

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə Mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsinin inkişafı üçün əlverişli imkanlar yaradılıb. Dövlət orqanlarının maddi-texniki bazası gücləndirilib, dövlət qulluqçularının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb, müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb.

Qeyd edilib ki, keçirilən seminarın məqsədi dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları haqqında dövlət orqanlarının səlahiyyətli nümayəndələrinə məlumat verməkdir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 may tarixli 115 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası” təsdiq edilib.

İsmayıl Qəribli bildirib ki, bu Qaydaya əsasən dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər il inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilir. Əvvəlki qaydalardan fərqli olaraq hazırda dövlət qulluqçusu ilin əvvəlində qoyulmuş tapşırıqlar, peşə fəaliyyəti zamanı və iş prosesində bacarıqlarını dəyərləndirmək üçün əsas götürülən meyarlar və əmək intizamına əməl etmə vəziyyətinə əsasən qiymətləndirilir. Qiymətləndirilmənin nəticəsinə əsasən dövlət qulluqçusu dövlət orqanının rəhbəri tərəfindən mükafatlandırıla, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi verilə və ya aşağı inzibati vəzifəyə keçirilə bilər.

Daha sonra Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Məmməd Babayev slayd vasitəsi ilə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin yeni qaydaları haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.

Seminarın sonunda müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, iki seansda keçirilən seminarda ümumilikdə 37 dövlət orqanını təmsil edən nümayəndələr iştirak edib.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    17
 Dünən    1329
 Bu gün    519
 Ümumi    128477

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı