“Dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib
2021-01-25
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli seminarda çıxış edərək bildirib ki, bu gün muxtar respublikada dövlət qulluğu sahəsi diqqət və qayğı ilə əhatə olunmuşdur. Dövlət orqanlarının maddi-texniki bazası gücləndirilmiş, dövlət qulluqçularının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılmışdır. Dövlət orqanları göstərilən qayğının müqabilində öz işlərini günün tələblərinə uyğun qurmalı, qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
İsmayıl Qəribli qeyd edib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2020-ci il 24 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 26 dekabr tarixli Fərmanı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda bir sıra dəyişikliklər edilib. Həmin sənədlərdə inzibati və yardımçı vəzifələrin müvafiq təsnifatları üzrə ixtisas dərəcələrinin verilməsi müddətlərində dəyişiklik edilib, eləcə də ixtisas dərəcəsindən məhrumetmə, ixtisas dərəcəsinin aşağı salınması və vaxtından əvvəl verilməsi məsələləri öz əksini tapıb.
Daha sonra Dövlət İmahan Mərkəzinin əməkdaşı Orxan Abdullayev slayd vasitəsi ilə dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsinin yeni qaydalarını seminar iştirakçılarına izah edib. İnzibati və yardımçı vəzifələrin ayrı-ayrı təsnifatları üzrə növbəti ixtisas dərəcələrinin verilməsi zamanı gözlənilən qulluq müddətləri, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi proseduru və digər məsələlər barədə məlumat verilib.
Seminarın sonunda müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, üç seansda keçirilən seminarda ümumilikdə 51 dövlət orqanını təmsil edən nümayəndələr iştirak edib.