Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

Dövlət İmtahan Mərkəzində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir

2021-01-11

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli tədbiri giriş sözü ilə açaraq bildirib ki, 2020-ci il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin və Mərkəzə aid cari tapşırıqların icra olunması diqqətdə saxlanılıb. Dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 7 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 11 qərarı ləğv etdirilmiş, digər 7 dövlət orqanının 11 qərarı isə dəyişdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış üçüncü sessiyasında Dövlət İmtahan Mərkəzinə dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili, test bankının yenilənməsi və zənginləşdirilməsinin təmin edilməsi tapşırılıb.
2020-ci il ərzində dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilmiş 3 müsabiqədə 1159 namizəd iştirak etmiş, 600 namizəd test imtahanlarında uğur qazanmış və 72 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur. İsmayıl Qəribli bildirib ki, Dövlət İmtahan Mərkəzinə verilmiş tapşırığa uyğun olaraq 2020-ci il ərzində hüquq mühafizə orqanlarının əməkdaşlarının və dövlət musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyası keçirilmiş, test imtahanlarında 851 namizəd iştirak etmiş, 383 namizəd test imtahanlarında uğur qazanmışdır. Ümumilikdə, 2020-ci il ərzində dövlət qulluğunda, hüquq mühafizə orqanlarında, dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün, habelə digər sahələrdə 20 test imtahanı keçirilib. Bu da qurumun fəaliyyəti dövründə ən yüksək göstəricidir. İmtahanlarda 3905 namizəd iştirak edib, 1871 namizəd keçid balını toplayıb. Hesabat dövründə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda uğur qazanan 381 nəfər müvafiq vəzifələrə təyin olunub. Eyni zamanda ehtiyat kadrlar siyahısından 6 namizəd işlə təmin olunub.
Dövlət İmtahan Mərkəzinin test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılıb. 1535 yeni sual test bankına işlənmiş və 6138 sual ekspertiza edilmişdir. Ötən il Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş hazırlıq kurslarında ümumilikdə 267 nəfər, sınaq imtahanlarında isə 474 nəfər iştirak etmişdir. Qeyd olunub ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən “Səyyari dövlət qulluğu xidməti könüllüyü” layihəsi həyata keçirilib. Mərkəzin əməkdaşlarından və könüllülərdən ibarət xidmət qrupu rayonlara gedərək müsabiqələrdə iştirak etmək istəyən 77 vətəndaşa operativ köməklik göstərib. Dövlət İmtahan Mərkəzinə hamiliyə verilən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələrinin iştirakı ilə müxtəlif mövzularda 10 seminar keçirilib.
İsmayıl Qəribli bildirib ki, dövlət qulluqçularının peşəkarlığının və xidməti fəaliyyətinin keyfiyyətinin artırılması üçün dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların öyrənilməsi Dövlət İmtahan Mərkəzinin əsas hədəflərindən biri olmuşdur. “Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları”, "Dövlət qulluqçularının etik davranış qaydaları", “Vətəndaşların dövlət qulluğuna qəbulu qaydaları” və digər mövzularda keçirilmiş 7 tədbir, seminar və videotəlimdə ümumilikdə 233 dövlət qulluqçusu iştirak etmişdir. Sonra Mərkəzin İmtahanların təşkili və keçirilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov və Mühasibat uçotu və ümumi işlər şöbəsinin müdiri Kəramət Əliyev məruzə ətrafında çıxış ediblər. Tədbirin sonunda Dövlət İmtahan Mərkəzinin 2021-ci il üçün İş Planı təsdiq edilib.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    10
 Dünən    530
 Bu gün    487
 Ümumi    13091

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı