Musiqi təhsili müəssisələrinə işə qəbulun müsahibə mərhələsi başlayıb

Musiqi təhsili müəssisələrinə işə qəbulun müsahibə mərhələsi başlayıb

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 8 may 2019-cu il tarixli qərarına uyğun olaraq sentyabrın 22-dən başlayaraq müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib.

13-16 sentyabr tarixlərində keçirilən müsabiqənin test mərhələsində 302 namizəd 255 vakant vəzifədən 155-nin tutulması üçün biliklərini sınayıb və onlardan 235-i keçid balını toplayıb. Birinci mərhələdə müvəffəqiyyət qazanmış iştirakçılar müsahibə mərhələsində iştirak etmək hüququ əldə ediblər. Ayrı-ayrı vəzifələr üzrə ən sıx müsahibə vəziyyəti musiqi ədəbiyyatı (44), fortepiano (41), konsertmeyster-fortepiano (33), tar (24) və qarmon (23) ixtisaslarında yaranıb.

Müsahibənin keçirilməsi üçün Dövlət İmtahan Mərkəzindən 1, Mədəniyyət Nazirliyindən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır və müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır.

Müsahibə komissiyası müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir. Müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır. Müsahibənin yekun nəticələri “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol”da öz əksini tapır. Naxçıvan Muxtar Respublikasında dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və tədrisin keyfiyyətinin artırılması məqsədilə keçirilən müsabiqənin müsahibə mərhələsi oktyabrın 2-dək davam edəcək.

 

Previous
Next