NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ

Q Ə R A R

“Naxçıvan Musiqi Kollecinə müəllimlərin işə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında

“Naxçıvan Musiqi Kollecinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 08 iyun tarixli 111-06/S nömrəli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Naxçıvan Musiqi Kollecinə müəllimlərin işə qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikasının
                      Baş naziri:                                                                         Səbuhi Məmmədov


Naxçıvan şəhəri, 6 iyul 2021-ci il

№ 159

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2021-ci il 6 iyul
tarixli 159 nömrəli Qərarı ilə təsdiq
edilmişdir

Naxçıvan Musiqi Kollecinə müəllimlərin işə qəbulu

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar ali təhsilli şəxslərin Naxçıvan Musiqi Kollecinə işə qəbulunun aparılması məsələlərini tənzimləyir.
1.2. Müəllimlərin Naxçıvan Musiqi Kollecinə (bundan sonra – Kollec)işə qəbulu Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) və Naxçıvan Dövlət Universiteti (bundan sonra – Universitet) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
1.3. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
1.4. Müsabiqə uyğun vakansiya yarandıqda Universitetlə birlikdə Mərkəz tərəfindən elan edilir.

2. Kollecdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

2.1. Kollecdə işləyən müəllimlər arasında dərs bölgüsü qanunvericiliyə uyğun aparılmaqla vakant yerlər haqqında məlumatı müəssisə rəhbərliyi Universitetə təqdim edir. Bu məlumatların düzgünlüyü Universitetin müvafiq struktur bölməsi tərəfindən yoxlanılır.
2.2. Müəllimlərin yeni tədris ili üçün dərs yükü Kollecin direktoru tərəfindən müəllimlər məzuniyyətə buraxılanadək müəyyənləşdirilir və bu barədə onlara məlumat verilir. Kollecdə dərs bölgüsü aparılarkən müəllimlər üçün illik dərs yükünün miqdarı qanunvericiliklə tənzimlənir. Vakant dərs yükü müvafiq saatdan az olarsa, həmin saatlar, ilk növbədə Kollecin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Kollecdə hər hansı ixtisas üzrə kadr olmadıqda, həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
2.3. Sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiya hesab olunmur. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində müvafiq dərs yükü ayrılır və əmrləşdirilir.

3. Kollecə müəllimlərin işə qəbulu

3.1. Müəllimlərin işə qəbulu müsabiqəsində ali təhsil müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) və ya ali təhsil müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, yaxud xarici ölkədə aldığı ali təhsil sənədinin kvalifikasiyası qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
3.2. Müsabiqə haqqında elan Mərkəzininternet portalında və muxtar respublikanın kütləvi informasiya vasitələrində yerləşdirilir.
3.3. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 (otuz) gün ərzində Mərkəzin internet portalı vasitəsilə elektron formada qəbul edilir.
3.4. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıda göstərilən sənədləri Mərkəzin internet portalı vasitəsilə Mərkəzə təqdim etməlidirlər:
3.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
3.4.2. dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali təhsil müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti;
3.4.3. əmək kitabçasının surəti (zərurət olarsa).
3.5. Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
3.6. “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Mərkəztərəfindən ləğv olunur və bu barədə 3 (üç) iş günü müddətində onlara məlumat verilir.
3.7. Xarici dövlətlərin ali təhsil müəssisələrinin məzunları ali təhsilə aid kvalifikasiyalarının tanınmasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər və xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Mərkəzə təqdim edirlər.
3.8. Müvafiq müəllim vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmi dərəcəsi olan şəxslər həmin vəzifə üzrə işə qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, kitabxanaçı vəzifəsini tutmaq istəyən namizədlər isə yalnız test imtahanı mərhələsində iştirak edirlər.

4. Test imtahanının keçirilməsi

4.1. Test imtahanının keçirilmə qrafiki Mərkəzininternet portalında yerləşdirilir.
4.2. Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin internet portalı vasitəsilə onlayn qeydiyyatdan keçirlər və onlara qeydiyyatdan keçdiklərini təsdiq edən elektron bildiriş göndərilir.
4.3. Namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməklə test imtahanında iştirak edirlər.
4.4. Namizəd test imtahanında iştirak edərkən Mərkəz tərəfindən müəyyən olunmuş tələblərə və qadağalara əməl etməlidir. Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir.
4.5. Test imtahanı kompüter vasitəsilə keçirilir.
4.6. Test imtahanında hər bir namizədə ümumilikdə 80 olmaqla, ixtisas üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilir və namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir.
4.7. Test imtahanının məzmunu, imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü, sahələr və çətinlik üzrə konkret bölgüsü Mərkəz tərəfindən müəyyən edilir.
4.8. Texniki səbəblərdən müəyyən edilmiş vaxtda imtahanın aparılması mümkün olmadıqda, Mərkəzin qərarı əsasında imtahan davam etdirilə və ya yenidən keçirilə bilər.
4.9. Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
4.10. Test imtahanının nəticələri haqqında məlumat dərhal Mərkəzin internet portalında yerləşdirilir və namizədlərə “Test imtahanının nəticəsi haqqında arayış” verilir.
4.11. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
4.12. Test imtahanında ən azı 48 bal toplamış namizədlər bu mərhələdən keçmiş sayılırlar. Həmin namizədlərin siyahısı və imtahan nəticələri 3 (üç) iş günü ərzində Universitetə təqdim edilməklə onlar müsahibə mərhələsinə buraxılırlar.
4.13. Test imtahanının nəticələri ilə bağlı apellyasiya şikayətinə imtahan başa çatdıqdan sonra 1 (bir) həftə ərzində Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir.

5. Müsahibənin keçirilməsi

5.1. Universitet test imtahanı mərhələsi başa çatdıqdan sonra 1 (bir) ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir və bu barədə Mərkəzə məlumat verir.
5.2. Müsahibə elanı və müsahibə proqramları Universitetin internet saytında yerləşdirilir, habelə müsahibə elan edilməzdən azı 10 (on) gün əvvəl Mərkəzə təqdim olunur və Mərkəz həmin məlumatların öz internet portalında yerləşdirilməsini təmin edir.
5.3. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin internet portalında, Universitetin internet saytında və muxtar respublikanın digər kütləvi informasiya vasitələrində verilir.
5.4. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin internet portalında və Universitetin internet saytında yerləşdirilir.
5.5. Müsahibənin təşkili üçün 3 nəfərdən ibarət tərkibdə, Mərkəzin 1 nümayəndəsi, 1 müstəqil ekspert və Universitetin 1 nümayəndəsi daxil olmaqla müsahibə komissiyası yaradılır.
5.6. Namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər, bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər və ali təhsili olmayan şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər.
5.7. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir.
5.8. Müsahibə videoçəkiliş aparılmaqla və digər müşahidəçilərin iştirakı ilə (olduğu halda) keçirilir. Bu halda videoçəkilişlər və ya müşahidəçilərin iştirakı müsahibənin keçirilməsinə, eləcə də müsahibə komissiyasının normal fəaliyyətinə maneə törətməməlidir. Əgər belə maneə törətmə halları müvafiq xəbərdarlıqdan sonra da təkrar olunarsa, videoçəkiliş və ya müşahidəçilərin iştirakı məhdudlaşdırıla və ya qadağan edilə bilər.
5.9. Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilir.
5.10. Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır.
5.11. Namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Bilik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə namizədə müsahibə proqramından kənar sualların verilməsi yolverilməzdir.
5.12. Mərkəz müsahibə proqramlarının hazırlanmasında iştirak edir və təsdiqinə razılıq verir.
5.13. Hər bir namizədlə müsahibə fərdi qaydada və dövlət dilində aparılır. Müsahibədə namizədə verilən sualların və tapşırıqların cavablandırılması üçün ən azı 20 dəqiqə vaxt ayrılır.
5.14. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.
5.15. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə yol verilmir.
5.16. Müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir:
5.16.1. bilik səviyyəsi – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri;
5.16.2. peşə hazırlığı – namizədin nəzəri və praktiki biliklərini tətbiqetmə bacarığı;
5.16.3. ümumi dünyagörüşü – namizədin muxtar respublikada, ölkədə və dünyada baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri;
5.16.4. vakant vəzifə üçün zəruri olan keyfiyyətlər – namizədin emosional sabitliyi, məsuliyyətliliyi, təhliletmə və ünsiyyətqurma bacarıqları.
5.17. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən edilir və “Namizədin vakant vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilir (1 nömrəli əlavə).
5.18. Müsahibə komissiyasının üzvləri tərəfindən hər bir meyar üzrə verilmiş ballar “Namizədin vakant vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində qeyd olunmalı və hər bir meyar üzrə verilmiş bal əsaslandırılmalıdır.
5.19. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək, orta bal müəyyən edilir. Müsahibənin yekun nəticələri “Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə).
5.20. Müsahibə komissiyası üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında müsahibə nəticəsinə təsir edən fərq (3 və daha çox bal) olduqda, müsahibənin nəticəsi etibarsız hesab edilir.
5.21. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur və vakant vəzifəyə təyin edilmək üçün 5 (beş) iş günü müddətində Universitetə təqdim edilir.
5.22. Müsahibənin nəticələri Universitetin internet saytında və Mərkəzin internet portalında yerləşdirilir, eyni zamanda namizədin tələbi üzrə ona 3 (üç) iş günü müddətində bu barədə arayış verilir.
5.23. Universitet namizədlərin müsahibə sənədlərinin (o cümlədən müsahibə qeydlərinin və videoçəkilişlərin) 2 (iki) il müddətində mühafizəsini təmin edir.
5.24. Namizədlərin müsahibə nəticələri eyni olduqda test imtahanında daha çox bal toplamış şəxs vakant vəzifəyə təyin olunur.
5.25. Müsahibənin nəticəsi ilə razı olmayan namizədin apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra 1 (bir) həftə müddətində Mərkəzin səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə Universitetdə baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar 3(üç) iş günü müddətində namizədə verilir. Namizəd bu qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verə bilər.

6. Məsuliyyət

Bu Qaydalara tələblərinin pozulmasına görə Mərkəzin və Universitetin vəzifəli şəxsləri, habelə müstəqil ekspertlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.