Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ



Q Ə R A R



“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə
işə qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında



Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.





Naxçıvan Muxtar Respublikasının
                      Baş naziri:                                                                         Səbuhi Məmmədov



“24” fevral 2021-ci il

№ 49







Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2021-ci il
24 fevral tarixli 49 nömrəli Qərarı ilə
təsdiq edilmişdir


Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna
daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul

Q A Y D A L A R I


1. Ümumi müddəalar


1.1. Bu Qaydalar ali və orta ixtisas təhsilli şəxslərin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin (muzeylər, kitabxanalar, mədəniyyət sarayları, evləri və klublar, rəsm qalereyası, dövlət qoruqları və muzey tipli müəssisələr, tədris və elmi-metodik müəssisələr, kino, dövlət teatr və konsert müəssisələri) mütəxəssis vəzifələrinə (texniki vəzifələr istisna olmaqla), habelə musiqi təhsili müəssisələrinin inzibati vəzifələrinə işə qəbulunun aparılması məsələlərini tənzimləyir.
1.2. Mədəniyyət müəssisələrinə (bundan sonra - müəssisələr) işə qəbulun aparılması Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
1.3. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
1.4. Test imtahanı kompüter, müsahibə isə dinləmə vasitəsilə keçirilir.
1.5. Müsabiqə uyğun vakansiya yarandıqda Nazirliklə birlikdə Mərkəz tərəfindən elan edilir.

2. Müəssisələrdə işçilərə tələbatın müəyyənləşdirilməsi


2.1. Müəssisələrdə yaranan vakant yerlər haqqında məlumatı müəssisə rəhbərliyi tabelik üzrə rayon (şəhər) mədəniyyət şöbəsinə, mədəniyyət şöbəsinin rəhbərliyi və bilavasitə Nazirliyə tabe olan mədəniyyət müəssisələri isəNazirliyə təqdim edir. Bu məlumatların düzgünlüyü Nazirliyin müvafiq struktur bölməsi tərəfindən yoxlanılır.
2.2. Müəssisədə hər hansı ştat üzrə uyğun ixtisaslı kadr olmadıqda, həmin yer vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
2.3. Sosial məzuniyyət yeri vakansiya hesab olunmur.

3. Müəssisələrdə işçilərin işə qəbulu


3.1. Müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
3.2. Müsabiqə haqqında elan Mərkəzin internet portalında və muxtar respublikanın digər kütləvi informasiya vasitələrində yerləşdirilir.
3.3. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 (otuz) gün ərzində Mərkəzin internet portalı vasitəsilə elektron formada qəbul edilir.
3.4. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıda göstərilən sənədləri Mərkəzin internet portalı vasitəsilə Mərkəzə təqdim etməlidirlər:
3.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
3.4.2. dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti;
3.4.3. əmək kitabçasının surəti (zərurət olarsa).
3.5. Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
3.6. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Mərkəz tərəfindən ləğv olunur və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.
3.7. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Mərkəzə təqdim etməlidirlər.

4. Test imtahanının keçirilməsi


4.1. Test imtahanının keçirilmə qrafiki Mərkəzin internet portalında yerləşdirilir.
4.2. Namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməklə test imtahanında iştirak edirlər.
4.3. Mədəniyyət müəssisələrinə işə qəbul üçün test imtahanında hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə ixtisaslar üzrə 50, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilir.
4.4. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir.
4.5. Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
4.6. Test tapşırıqlarının 50 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
4.7. Test imtahanının nəticələri dərhal Mərkəzin internet portalında yerləşdirilir və namizədlərə “Test imtahanının nəticəsi haqqında arayış” verilir.
4.8. Test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı vakant vəzifələr üzrə müsahibənin aparılması üçün test imtahanı başa çatdıqdan sonra 3 (üç) iş günü ərzində Nazirliyə göndərilir.
4.9. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
4.10. Test imtahanının nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra 1 (bir) həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir.
4.11. Keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılır.

5. Müsahibənin keçirilməsi


5.1. Müsahibə mərhələsi qabiliyyət tələb olunan ixtisaslar üzrə vəzifələri tutmaq istəyən namizədlər üçün keçirilir (bədii və yaradıcı heyyət).
5.2. Müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, Mərkəzdən 1, muxtar respublikada fəaliyyət göstərən mədəniyyət sahəsi üzrə ali təhsilli mütəxəsislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla cəmi 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır.
5.3. Müsahibə mərhələsində namizədin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılır.
5.4. Müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır.
5.5. Müsahibənin nəticələri balla qiymətləndirilir.
5.6. Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir, hər bir namizəd üçün ümumi bal çıxarır və nəticələri “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir (1 nömrəli əlavə).
5.7. Müsahibə komissiyasının üzvləri tərəfindən hər bir namizədə verilmiş ballar onların şəxsi mülahizələri ilə “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində tam əsaslandırılmalıdır.
5.8. Müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə). 
5.9. Müsahibə komissiyasının üzvlərinin namizəd barəsində verdiyi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda müsahibənin nəticəsi ləğv edilə və yeni müsahibə komissiyası yaradıla bilər.
5.10. Müsahibənin nəticəsi barədə arayış namizədə müsahibənin keçirildiyi gündən 2 (iki) iş günü müddətində verilir.
5.11. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri Nazirliyə təqdim olunur.
5.12. “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” 2 (iki) il müddətində Nazirlikdə saxlanılır.
5.13. Müsahibə nəticələri eyni olduqda test imtahanında daha çox bal toplamış şəxs vəzifəyə təyin olunur. Ali və orta ixtisas təhsilli namizədlər tərəfindən test imtahanında eyni bal toplandıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir.
5.14. Müsahibənin nəticəsi ilə razı olmayan namizədin apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra 1 (bir) həftə müddətində Mərkəzin səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə Nazirlikdə baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar 3 (üç) iş günü müddətində namizədə verilir. Namizəd bu qərardan qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verə bilər.

6. Qaydaların pozulmasına görə məsuliyyət


İşçilərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməməsinə görə Nazirliyin və Mərkəzin vəzifəli şəxsləri, müəssisələrin rəhbərləri, habelə müstəqil ekspertlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    5
 Dünən    545
 Bu gün    158
 Ümumi    61223

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı