NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ

Q Ə R A R

“Naxçıvan Muxtar Respublikasının dövlət teleradio və mətbuat orqanlarına işə qəbul Qaydaları” və “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
iş qaydası”nın təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Naxçıvan Muxtar Respublikasının dövlət teleradio və mətbuat orqanlarına işə qəbul Qaydaları” təsdiq edilsin
(1 nömrəli əlavə).
2. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin iş qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu Qərar 2021-ci il aprelin 1-dən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikasının
   Baş naziri:           Səbuhi Məmmədov


Naxçıvan şəhəri, 30 mart 2021-ci il

№ 71

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2021-ci il
30 mart tarixli 71 nömrəli Qərarı
ilə təsdiq edilmişdir
1 nömrəli əlavə

Naxçıvan Muxtar Respublikasının dövlət teleradio
və mətbuat orqanlarına işə qəbul

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar ali və orta ixtisas təhsilli şəxslərin “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində, “Şərq Qapısı” qəzetinin, şəhər və rayon qəzetlərinin redaksiyalarında (bundan sonra – media orqanları) siyasi və texniki vəzifələr istisna olmaqla, vakant vəzifələr üzrə işə qəbulunun aparılması ilə bağlı məsələləri tənzimləyir.
1.2. Media orqanlarına işə qəbulun aparılması Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
1.3. Müsabiqə esse yazı və müsahibə mərhələlərindən ibarətdir.
1.4. Müsabiqə uyğun vakansiya yarandıqda media orqanları ilə birlikdə Mərkəz tərəfindən elan edilir.

2. Media orqanlarında işçilərə tələbatın müəyyənləşdirilməsi

2.1. Media orqanlarında hər hansı ştat üzrə uyğun ixtisaslı kadr olmadıqda, həmin yer vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün Mərkəzə təqdim edilir.
2.2. Sosial məzuniyyət yeri vakansiya hesab olunmur.

3. Media orqanlarında işçilərin işə qəbulu

3.1. Müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
3.2. Müsabiqə haqqında elan Mərkəzin internet portalında yerləşdirilir və muxtar respublikanın kütləvi informasiya vasitələrində dərc olunur.
3.3. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 (otuz) gün ərzində Mərkəzin internet portalı vasitəsilə elektron formada qəbul edilir.
3.4. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıda göstərilən sənədləri Mərkəzin internet portalı vasitəsilə Mərkəzə təqdim etməlidirlər:
3.4.1. şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti;
3.4.2. dövlət nümunəli təhsil sənədinin (diplomun), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) skan olunmuş surəti;
3.4.3. əmək kitabçasının skan olunmuş surəti (zərurət olarsa).
3.5. Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
3.6. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Mərkəz tərəfindən ləğv olunur və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.
3.7. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Mərkəzə təqdim etməlidirlər.

4. Müsabiqənin keçirilməsi

4.1. Müsabiqənin keçirilməsi üçün müvafiq media orqanından 1, Mərkəzdən 1, eləcə də media sahəsi üzrə fəaliyyət göstərən ali təhsilli mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət komissiya yaradılır.
4.2. Müsabiqədə namizədin ümumi dünyagörüşü, bacarıq, təcrübə və şəxsi keyfiyyətlərinin müvafiq vakansiyaya uyğunluğu esse tipli tapşırıqlar (kağız daşıyıcılar üzərində) və müsahibə vasitəsilə yoxlanılır.
4.3. Namizədə esse tapşırığın yerinə yetirilməsi üçün 1 saat 30 dəqiqə vaxt verilir.
4.4. Komissiya namizədlərin ixtisas bacarığını mövzunun əhatə olunması və faktlara istinad, üslub, orfoqrafik qaydalara riayət və yaradıcılıq qabiliyyəti baxımından yüzballıq sistem əsasında qiymətləndirir, hər bir namizəd üçün ümumi bal çıxarır və nəticələri “Esse mərhələsində namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir. Esse tapşırıqlarından 80 və ya daha çox bal toplamış namizəd müsahibə mərhələsinə buraxılır (1 nömrəli əlavə).
4.5. Komissiyanın üzvləri tərəfindən hər bir namizədə verilmiş ballar onların şəxsi mülahizələri ilə “Esse mərhələsində namizədin qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində tam əsaslandırılmalıdır.
4.6. Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək orta bal müəyyən edilir. Esse mərhələsinin yekun nəticələri “Esse mərhələsində namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə).
4.7. Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün komissiyanın ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilir.
4.8. Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır.
4.9. Namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Bilik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə namizədə müsahibə proqramından kənar sualların verilməsi yolverilməzdir.
4.10. Hər bir namizədlə müsahibə fərdi qaydada aparılır.
4.11. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, komissiyanın üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.
4.12. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə yeni müsahibənin keçirilməsinə yol verilmir.
4.13. Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə müvafiq media orqanının qərarı əsasında yol verilir.
4.14. Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi və keçid balları:
4.14.1. Müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı komissiyanın üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır.
4.14.2. Komissiyanın hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir:
4.14.2.1. bilik səviyyəsi – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri;
4.14.2.2. peşə hazırlığı – namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik bilikləri, tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri;
4.14.2.3. ümumi dünyagörüşü – namizədin muxtar respublikada, ölkədə və dünyada baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri;
4.14.2.4. vakant vəzifə üçün zəruri olan keyfiyyətlər – namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları, radio və televiziya üzrə vakant vəzifə tutmaq üçün müraciət etmiş namizədin düzgün nitq və tələffüzü, verilmiş mətni orfoepik qaydalar əsasında, düzgün intonasiya ilə oxuya bilmə bacarığı.
4.14.3. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq namizəd barədə ümumi bal müəyyən edilir və “Müsahibə mərhələsində namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilir (3 nömrəli əlavə).
4.15. Komissiyanın üzvləri tərəfindən hər bir meyar üzrə verilmiş ballar “Müsahibə mərhələsində namizədin qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində qeyd olunmalı və hər bir meyar üzrə verilmiş bal əsaslandırılmalıdır.
4.16. Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək orta bal müəyyən edilir. Müsahibənin yekun nəticələri “Müsahibə mərhələsində namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (4 nömrəli əlavə).
4.17. Komissiya üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında müsahibənin nəticəsinə təsir edən fərq (3 və daha çox bal) olduqda, müsahibənin nəticəsi etibarsız hesab edilir.
4.18. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibədə ən yüksək bal toplamış namizəd vakant vəzifəyə uyğun hesab edilir.
4.19. Müsabiqənin nəticəsi barədə arayış namizədə müsabiqənin keçirildiyi gündən 2 (iki) iş günü müddətində verilir.
4.20. Ali və orta ixtisas təhsilli namizədlərin müsabiqə nəticələri eyni olduqda ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda esse mərhələsində daha çox bal toplayan namizədə üstünlük verilir.
4.21. Müsabiqənin nəticəsi ilə razı olmayan namizədin apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra 1 (bir) həftə müddətində Mərkəzin, müvafiq media orqanının səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar 3 (üç) iş günü müddətində namizədə verilir. Namizəd bu qərardan qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verə bilər.

5. Məsuliyyət

Bu Qaydaların tələblərinin pozulmasına görə Mərkəzin və media orqanlarının vəzifəli şəxsləri, habelə müstəqil ekspertlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.