İmtahanların qrafik üzrə keçirilməsi davam edib  

İmtahanların qrafik üzrə keçirilməsi davam edib

 

Avqust ayında Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib.

2-16 avqust tarixlərində Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanları keçirilib. 214 vakant vəzifənin çıxarıldığı bu dəfəki müsabiqəyə indiyə qədər bu istiqamətdə keçirilmiş imtahanlar üzrə ən çox – 858 namizəd müraciət edib. Müsabiqədə daha çox qeydiyyat Şərur (225), Ordubad (161) və Culfa (121) rayonları üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti ibtidai sinif (210), riyaziyyat (113), Azərbaycan dili və ədəbiyyatı (94), tarix (92) və ingilis dili (86) müəllimliyi üzrə qeydə alınıb. Müsabiqənin nəticələrinə görə 171 vəzifənin tutulması üçün imtahanlarda iştirak edən 829 namizəddən 134 vəzifə üzrə 493 namizəd müvafiq keçid balını toplayıb. 37 vəzifə üzrə heç bir namizəd keçid balını toplaya bilməyib. 29 nəfər isə imtahanlarda iştirak etməyib. 43 vəzifənin tutulması üçün müraciət edən olmayıb. Müsabiqədə iştirak edənlərlə müvəffəqiyyət qazananların say nisbətində ən yüksək nəticələri isə 83 faizlə Babək rayonu, 70 faizlə Naxçıvan şəhəri, 69 faizlə Culfa və 58 faizlə Ordubad rayonlarından müraciət edən namizədlər göstərib.

“Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının aparılması qaydaları”na uyğun olaraq vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını toplamaqla ən yüksək nəticə göstərmiş şəxs müvafiq vəzifəyə təyin olunacaq.

Avqust ayında Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin dövlət musiqi təhsili müəssisələrində, Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzində, digər dövlət qurumlarında, dövlət teleradio və mətbuat orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqələrin sənəd qəbulu başa çatıb, eyni zamanda dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün müsabiqə elan edilib. Elan edilmiş müsabiqə üzrə sənəd qəbulu davam edir.

Avqust ayında mərkəz tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında 70, müəllimlərin sertifikasiya imtahanları üçün hazırlıq kurslarında 360 nəfər olmaqla, ümumilikdə 430 nəfər iştirak edib.