İmtahanların vaxtında və şəffaf keçirilməsi diqqətdə saxlanılıb

İmtahanların vaxtında və şəffaf keçirilməsi diqqətdə saxlanılıb

 Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət sentyabr ayı ərzində də davam etdirilib.

1-15 sentyabr tarixlərində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilib. Müsahibəyə hazırlıq məqsədi ilə avqustun 27-də Dövlət İmtahan Mərkəzində 13 müstəqil ekspert və 12 dövlət orqanını təmsil edən 15 nümayəndənin iştirakı ilə seminar keçirilib. Müsahibə qrupunun tərkibinə müstəqil ekspertlər, mərkəzin və dövlət orqanlarının nümayəndələri daxildir.

18 dövlət orqanı tərəfindən müsabiqəyə çıxarılan 59 vakant vəzifənin tutulması üçün 729 namizəd sənəd təqdim edib. Test mərhələsində iştirak edən 662 namizəddən 285-i müvafiq keçid balını toplayıb. Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün 13 namizəd müraciət edib. Esse imtahanında iştirak edən 12 namizəddən 8-i keçid balını toplayıb. Müsahibə mərhələsində iştirak etmək üçün isə 259 namizəd qeydiyyatdan keçib. Həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 6 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub. Müsahibə mərhələsinin nəticəsinə görə bu mərhələdə iştirak edən 207 namizəddən 49-u uğur qazanıb.

13-16 sentyabr tarixlərində dövlət musiqi təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üçün test imtahanları keçirilib. Elan olunmuş müsabiqə üzrə qeydiyyatdan keçmiş 313 namizəddən 302-si müsabiqəyə çıxarılmış 255 vakant vəzifədən 155-nin tutulması üçün biliklərini sınayıb və onlardan 235-i keçid balını toplayıb. 22 sentyabr tarixindən başlyaraq isə müsabiqənin müsahibə mərhləsinə start verilib. Müsahibənin keçirilməsi üçün Dövlət İmtahan Mərkəzindən 1, Mədəniyyət Nazirliyindən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə mərhələsi oktyabrın 2-dək davam edəcək.

Sentyabrın 3-də Naxçıvan Muxtar Respublika Prokurorluğu və Hərbi Prokurorluğun 11 əməkdaşının iştirakı ilə attestasiya imtahanı keçirilib. Dövlət orqanlarında çalışan əməkdaşların peşəkarlığının yoxlanılması məqsədilə keçirilən imtahanda, ümumilikdə 11 namizəd iştirak edib. Onlardan 8-i müvafiq keçid balını toplayıb.

Ötən ay Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında 20, müəllimlərin sertifikasiya imtahanları üçün hazırlıq kurslarında 329 nəfər olmaqla, ümumilikdə 349 nəfər iştirak edib.