Dövlət qulluğunda vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsinə start verilib

   Dövlət qulluğunda vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsinə start verilib

    Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibəyə hazırlıq məqsədi ilə avqustun 27-də Dövlət İmtahan Mərkəzində 13 müstəqil ekspert və 12 dövlət orqanını təmsil edən 15 nümayəndənin iştirakı ilə seminar keçirilib.Müsahibədə ilk olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunda işləmək istəyən namizədlər iştirak ediblər. Müsahibə qrupunun tərkibinə müstəqil ekspertlər, Mərkəzin və dövlət orqanlarının nümayəndələri daxildir. Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə prosesinin videoçəkilişi aparılır. Müsahibə başa çatdıqdan dərhal sonra namizədə yekun bal arayışı hazırlanır və şəxsi işinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar Mərkəzin müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim olunur. Müsahibənin nəticələri haqqında məlumatlar Mərkəzin rəsmi internet portalında yerləşdirilir. Qeyd edək ki, 18 dövlət orqanı tərəfindən müsabiqəyə çıxarılan 59 vakant vəzifənin tutulması üçün 729 namizəd sənəd təqdim edib. Test mərhələsində iştirak edən 662 namizəddən 285-i müvafiq keçid balını toplayıb. Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün 13 namizəd müraciət edib. Esse imtahanında iştirak edən 12 namizəddən 8-i keçid balını toplayıb. Müsahibə mərhələsində iştirak etmək üçün 259 namizəd qeydiyyatdan keçib. Həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 6 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub. Ayrı-ayrı dövlət orqanları üzrə ən sıx müsabiqə vəziyyəti Dövlət Sosial Müdafiə Fondu, Maliyyə, Təhsil və Gənclər və İdman nazirlikləri üzrə qeydə alınıb. Dövlət orqanları üzrə müsahibələr Mərkəzin rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq 15 sentyabr 2021-ci il tarixə kimi davam edəcək.

                                                                                                                                            

Previous
Next