Dövlət qulluğu imtahanlarının müsahibə mərhələsinə hazırlaşmaq istəyənlərin nəzərinə!

Dövlət qulluğu imtahanlarının müsahibə mərhələsinə hazırlaşmaq istəyənlərin nəzərinə!

 

7-22 iyun 2021-ci il tarixlərdə keçirilmiş test imtahanlarında Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş hazırlıq kurslarında iştirak edən 162 nəfərdən 134-ü müvafiq keçid balını toplayıb. Onlardan 2 nəfər 95-100 bal, 15 nəfər 90-94 bal, 30 nəfər 85-89 bal, 48 nəfər 80-84 bal, 39 nəfər isə 75-79 bal intervalında nəticə göstərib. 90 baldan yuxarı nəticə göstərmiş 18 nəfərdən 17-si Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş hazırlıq kurslarının iştirakçılarıdır.

Mərkəz həmin şəxsləri müsahibə mərhələsinə hazırlaşmaq üçün dəvət edir. Aylıq ödənişi 125 manat olan hazırlıq kursu müsahibə proqramına uyğun olaraq təşkil edilir və dərslər həftədə 2 dəfə olmaqla 1 ay davam edəcək.

Qeyd: Müsahibə mərhələsinə hazırlıq üçün yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş hazırlıq kurslarında iştirak etmiş namizədlər müraciət edə bilərlər.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dim@nmr.az

Test imtahanları başa çatıb

Müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsi dövlət qulluğu sahəsində həyata keçirilən islahatların əsas istiqamətlərindən biridir. Dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik dövlət qulluqçularının formalaşdırılması, habelə dövlət qulluğu sferasının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və Vətənə sədaqətli işçilərin cəlb olunmaqla komplektləşdirilməsi üçün mütəmadi olaraq müsabiqələr keçirilir.

Qeyd olunanlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test mərhələsi başa çatıb. 7-22 iyun tarixlərində keçirilən test imtahanının nəticələrinə əsasən 662 namizəd imtahanlarda iştirak edib, 285 namizəd isə müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə sənəd qəbulu test imtahanları bitdikdən sonra bir ay müddətində – iyulun 22-nə qədər davam edəcək.

Xatırladaq ki, müsabiqəyə çıxarılmış 59 vakant vəzifənin tutulması üçün 729 müraciət qeydə alınmışdı. Müraciət edənlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi (148 nəfər), Təhsil Nazirliyi (142 nəfər), Dövlət Sosial Müdafiə Fondu (140 nəfər) öndə dayanır. Ən sıx müsabiqə vəziyyətinin yarandığı dövlət orqanı isə Gənclər və İdman Nazirliyidir. Nazirliyin təqdim etdiyi bir vakant vəzifənin tutulması üçün 100 namizəd qeydiyyatdan keçib.